Xurma
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır.
Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır.